CƏMİYYƏT
Türkiyədə propofol tərkibli “Dormofol” dərman vasitəsi geri çağırılıb
Bakı, 14 yanvar, AZƏRTAC
Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra həyatını itirməsi Türkiyə Səhiyyə Nazirliyində ciddi narahatlığa səbəb olub və ölkənin Dərman və Tibbi Cihaz Qurumu propofol tərkibli “Dormofol” 1 faizli intravenoz inyeksiya və “Dormofol” 2 faizli intravenoz inyeksiya dərman vasitəsini geri çağırıb. İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyət problemi şübhə doğurur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, həmin dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatına alınmayıb və ölkəmizə idxal olunmayıb. Nazirlikdən onu da bildiriblər ki, propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Analitik Ekspertiza Mərkəzinin farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir.