CƏMİYYƏT
Türkiyədən idxal edilən dondurulmuş hind quşu qiyməsinin istehlaka yararsız olduğu aşkarlanıb
Bakı, 23 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Türkiyə Respublikasında “Direkçi dış ticaret” LTD tərəfindən istehsal olunan və "Global meat" MMC tərəfindən ölkəmizə idxal edilən 22,33 ton dondurulmuş hind quşu qiyməsi məhsulu partiyasına baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.
Agentlik tərəfindən istehlaka yararsız dondurulmuş hind quşu qiyməsinin zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.