DÜNYA
Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında terrorçulara sarsıdıcı zərbə vurub
Ankara, 6 oktyabr, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin və Milli Təhlükəsizlik Təşkilatının (MİT) İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatının daha 4 üzvü məhv edilib.
AZƏRTAC xəbər verir ki, Milli Müdafiə Nazirliyinin bununla bağlı yaydığı məlumatda əməliyyatın hərbi aviasiya vasitələri tərəfindən həyata keçirildiyi bildirilib.
Anadolu agentliyi isə İraqın şimalındakı Qara bölgəsində həyata keçirilən antiterror əməliyyatı nəticəsində Özcan Yıldız adlı təhlükəli terrorçunun məhv edilməsi barədə MİT-ə istinadla məlumat yayıb. 2012-ci ildə Hakkari vilayətinin Yüksekova rayonunun Dağlıca bölgəsində səkkiz hərbçinin həlak olması ilə nəticələnən terror aktını həyata keçirən Özcan Yıldız Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda idi.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara