MƏDƏNİYYƏT
Türkmənistan rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
Bakı, 22 fevral, AZƏRTAC
Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşanquliyev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Fondun prezidenti G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, əsas prioritet istiqamətləri və həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib. O, Fond tərəfindən ötən illər ərzində türk dünyası irsini beynəlxalq arenada tanıtmaq məqsədi ilə həyata keçirilən tədbirlərdən söhbət açıb.
Fondun prezidenti ötən ilin türk dünyası üçün çox səmərəli keçdiyini bildirərək bu il üçün planlaşdırılan, türkdilli xalqların ortaq mirasını təbliğ edən yeni layihələr haqqında danışıb. G.Əfəndiyeva Türkmənistanın türk dünyasının ayrılmaz bir parçası olduğunu vurğulayaraq, türk dünyası mədəniyyətinin daha da geniş şəkildə tanıdılması üçün birgə işlərin aparılmasının əhəmiyyətindən bəhs edib.
Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşanquliyev türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi yönündə Fondun fəaliyyətini yüksək qiymətləndirib. O, türkdilli xalqların eyni tarixi köklərdən gəldiyini qeyd edərək sahib olduğumuz bu böyük və zəngin mədəni xəzinənin təbliği və araşdırılması istiqamətində əlaqələrin daha da gücləndirilməsinin önəmindən danışıb.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihələrindən biri, türk dünyasının ortaq eposu olan “Koroğlu - türkdilli xalqların qəhrəmanı” kitabı və digər layihələr üzrə birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.