SİYASƏT
Türkmənistanda keçirilən anım tədbirində Ulu Öndərin xaricdə soydaşlarımızın taleyindəki əvəzsiz rolundan bəhs olunub
Aşqabad, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Türkmənistandakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Türkmənistanda yaşayan soydaşlarımız və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın bu ölkədəki səfiri Həsən Zeynalov ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, xalqımız və dövlətimiz qarşısında xidmətlərindən ətraflı bəhs edib. Müasir Azərbaycan dövlətinin müstəqilliyinin qorunub-saxlanılmasında Heydər Əliyevin əvəzsiz rolunun olduğunu deyən səfir qeyd edib ki, Ulu Öndərin həyatının hər bir mərhələsinin ətraflı öyrənilməsi və gənc nəsillərə çatdırılması olduqca vacibdir.
Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən səfir qeyd edib ki, Ümummilli Liderlə təmasları onun həyatının ən yaddaqalan xatirələridir. Diplomat Ulu Öndərin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında həmişə yaşayacağını, onun hər zaman minnətdarlıqla anılacağını bildirib.
Tədbirdə digər çıxış edənlər də Heydər Əliyevin xalqımızın, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyindəki əvəzsiz rolundan danışıblar. Qeyd olunub ki, hələ sovet hakimiyyəti illərində azərbaycanlı gənclərin müttəfiq respublikaların ən yaxşı ali təhsil müəssisələrində təhsil almaq üçün göndərilməsi, onların ən yaxşı yerlərə təyinat alıb işləmələri məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi idi.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən bədii-sənədli film nümayiş olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad