CƏMİYYƏT
Tvinninq layihəsinin müşaviri Azərbaycanda pensiya sahəsində olan islahatları çox müsbət qiymətləndirib
Bakı, 18 fevral, AZƏRTAC
Minimum təminatlar olmalıdır ki, vətəndaşlar sosial, mədəni və iqtisadi həyatda aktiv iştirak edə bilsinlər. Bu baxımdan Azərbaycanda əmək pensiyasının minimum məbləğinin artırılması təqdirəlayiq haldır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri “Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatların həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin müşaviri, sosial elmləri doktoru Audrius Bitinas deyib.
Layihə müşaviri, həmçinin qeyd edib: “İki ildir burada işləyirik və daim islahatların aparılmasını müşahidə edirik. Bu sahədə siyasi iradənin olduğunu görürük. Pensiya qanunvericiliyində olan son dəyişikləri də müsbət qarşılayırıq. Bütün sahələrdə islahatlar aparılır, eyni zamanda, islahatlar nəticəsində pensiya sistemi də inkişaf edir”.
A.Bitinas nəzəriyyədə pensiya məbləğinin şəxsin ödədiyi sosial sığorta ödənişlərindən asılı olaraq müəyyən edilməsi prinsipi olduğunu bildirib: “Bununla yanaşı, hesab edirəm ki, hər dövlətdə baza pensiya təminatları olmalıdır. Bu mənada pensiyanın minimum məbləğinin artırılması müsbət addımdır”.
Tvinninq layihəsinin müşaviri, eyni zamanda, indeksləşdirmə nəticəsində pensiyanın artırılmasının əhəmiyyətini də vurğulayıb.