ELM VƏ TƏHSİL
UFAZ 1-ci Frankofoniya Elm Həftəsində təmsil olunur
Bakı, 23 sentyabr, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarest şəhərində Frankofon Universitetlər Agentliyinin (AUF) təşkilatçılığı ilə 1-ci Frankofoniya Elm Həftəsi adlı konfrans keçirilir. Buxarestin Politexnik Universitetində keçirilən tədbir hibrid formada, qismən üzbəüz, qismən onlayn formatda təşkil olunub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetindən (UFAZ) AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanı UFAZ-ın icraçı direktoru Vazeh Əskərov onlayn formatda təmsil edir.
Konfransda AUF-un 2021-2025-ci illər üçün yeni strategiyası və təşkilatın 60 illik yubileyinin qeyd edilməsi ilə bağlı sənəd qəbul edilib.
AUF ümumilikdə 1007 universitet, ali təhsil müəssisəsi və elmi tədqiqat mərkəzinin üzv olduğu təşkilatdır. Onları birləşdirən əsas məqam fransız dilidir. Təşkilat 1961-ci ildə yaradılıb.
ADNSU və UFAZ 2019-cu ildən təşkilatın tamhüquqlu üzvüdür.