İDMAN
UKRAYNA HÖKUMƏTİNİN SƏDRİ KLİÇKO QARDAŞLARINI MÜKAFATLANDIRDI
AZƏRTAC-ın Kiyevdən aldığı xəbərdə deyilir ki, artıq neçə ildir Almaniyada yaşayan məşhur ukraynalı peşəkar boksçular Vitali və Vladimir Kliçko qardaşları Ukrayna Nazirlər Kabinetinin Fəxri fərmanına və xatirə nişanına layiq görülmüşlər. İdmanın, olimpiya hərəkatının inkişafına görə və Ukraynanın beynəlxalq nüfuzunun yüksəldilməsinə görə mükafatları onlara ölkənin Baş naziri Viktor Yanukoviç təqdim etmişdir.
Böyük qardaş Vitali dünya peşəkar boksunda ən fəxri adı - Ümumdünya Boks Şurasının versiyası üzrə ən ağır çəkidə planet çempionu adını qazanmışdır. Bundan əvvəl Vitali Ukrayna Prezidenti Leonid Kuçmanın fərmanı ilə birinci dərəcəli “İgidliyə görə” ordeni ilə təltif olunmuşdu.
Qardaşlar vətənə iyulun 5-də Kiyevdə keçiriləcək Olimpiya məşəli estafetində iştirak etməyə gəlmişlər.