İQTİSADİYYAT
UKRAYNA VƏ TÜRKİYƏ DƏMİRYOL-BƏRƏ MARŞRUTUNUN YARADILMASINA BAŞLAMIŞLAR
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, Ukrayna müəssisələrinin Türkiyənin Qara dəniz sahilində bərə kompleksinin tikintisi üçün nəzərdə tutulmuş dəmiryol relsləri, şpallar, dayaq sistemləri və digər məhsulları İlyiçevsk limanından Dərincə limanına gətirilmişdir.
Türkiyənin “Batı Vaqon” şirkəti Ukraynanın “Ukrferri” qeyri-dövlət səhmdar gəmiçilik şirkətinin mütəxəssisləri ilə birgə gələcək bərə terminalının ərazisini hər iki limanı birləşdirəcək dəmir yolunun çəkilməsi üçün hazırlamışlar.
Ukrayna ilə Türkiyə arasında müntəzəm dəmiryol-bərə nəqliyyatının yaradılması Prezident Leonid Kuçmanın 2000-ci ilin noyabrında Ankaraya rəsmi səfəri zamanı müzakirə olunmuşdu. O vaxtdan bəri bu limanlar arasında bərə xətti ilə mal dövriyyəsi getdikcə artır. Mütəxəssislərin fikrincə, İlyiçevsk və Dərincə arasında dəmir yol-bərə terminalı bu istiqamətdə mal dövriyyəsini ildə 500 min tona çatdırmağa imkan verəcəkdir.