ELM VƏ TƏHSİL
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq seminar
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq seminar keçirilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, tədbirdə universitetin professor-müəllim heyəti ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Portuqaliya, İngiltərə, İspaniya, Ukrayna, Gürcüstan da daxil olmaqla dünyanın 17 ölkəsindən nümayəndələr iştirak ediblər.
UNEC-in rektoru, professor Ədalət Muradov Xocalı soyqırımını dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi tələb olunan faciə adlandırıb. Ermənistan “ziyalıları”nın yazdıqları “Xaç uğrunda”, “Ruhumuzun dirçəlişi” əsərlərində ermənilərin Xocalı əhalisinə qarşı törətdikləri vəhşilikləri diqqətə çatdıran rektor, həmin cinayətləri qələmə alan ermənilərin bununla da Xocalı soyqırımını etiraf etmiş olduqlarını bildirib. Professor Ədalət Muradov vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun qəhrəmanlığı nəticəsində Qarabağın işğaldan azad olunması ilə Xocalıda soyqırımına məruz qalmış həmvətənlərimizin qisası müəyyən qədər alınıb. Xocalı soyqırımının bütün dünyada tanınması istiqamətində səylər bundan sonra daha da artırılacaq. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində, parlamentlərində Xocalı soyqırımı tanınıb.
Rektor tədbirin keçirilməsinin əsas məqsədinin XX əsrin sonunda erməni faşistlərinin Azərbaycan ərazisində türklərə qarşı törətdiyi soyqırımın tanınması üçün dünya ictimaiyyətinə bir çağırış olduğunu deyib.
Milli Məclisin deputatı Elman Məmmədov ötən əsrdə Azərbaycanın dəfələrlə ermənilər tərəfindən soyqırımına məruz qaldığını vurğulayaraq, ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən söz açıb. O, həmin vaxt erməni faşistləri tərəfindən günahsız insanların, uşaqların, qocaların, o cümlədən anasının qətlə yetirildiyini, bir çox ailənin isə tamamilə məhv edildiyini bildirib. Xocalı ilə yanaşı, işğal dövründə soyqırımına məruz qalmış digər ərazilərimizdə ermənilərin törətdikləri kütləvi qırğınların dünyaya çatdırılması və cinayətkarların cəzalandırılması istiqamətində təbliğat işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqil Abbas Xocalı soyqırımı zamanı baş verən hadisələrdən danışıb. Faciənin şahidi olmuş deputat soyqırımı zamanı həlak olanların sayının daha çox olduğunu, bu faktların ermənilərin yazdığı əsərlərdə də əks olunduğunu deyib. Aqil Abbas 44 günlük müharibədə ermənilərin öz cinayət əməllərini dünya ictimaiyyəti qarşısında davam etdirdiklərini, dinc əhalini raket atəşinə tutduqlarını diqqətə çatdırıb. Azərbaycanın Vətən müharibəsində yalnız hərbi meydanda öz ərazilərinin işğaldan azad olunması uğrunda qəhrəmanlıqla mübarizə apardığını bildirib.
Sonra UNEC-in professoru Abbas Seyidov “Xocalı faciəsi Azərbaycan xalqına qarşı yönələn soyqırımdır” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirə qatılan İstanbul Universitetinin professoru Kutluk Kağan Sümer Xocalı soyqırımını bütün türk dünyasının faciəsi adlandırıb. Azərbaycanın böyük zəfəri ilə bitən 44 günlük müharibənin də məhz ermənilər tərəfindən başlandığını diqqətə çatdıran professor ermənilərin tarixən törətdikləri vəhşiliklərdən, təxribatlardan söz açıb.
Gürcüstan Dövlət Universitetinin professoru Otar Abesadze tədbirin Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
“Kiyev-Mohila Akademiyası” Milli Universitetinin professoru, Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyası İctimai Təşkilatının rəhbəri Fərhad Turanlı Xocalı soyqırımının tarixi, hüquqi və siyasi qiymətləndirilməsindən danışıb, Ukraynada Xocalı həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində aparılan işlərdən bəhs edib.
Sonda Xocalı sakini, UNEC-in əməkdaşı Nərmin İbrahimova 29 il öncə Xocalıda yaşanan hadisələrdən danışıb, ailəsinin yaşadığı məcburi köçkün həyatından, faciənin törətdiyi psixoloji travmalardan söz açıb. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında gəncləri fəal olmağa çağırıb.
UNEC-in şöbə müdiri Rəna Hüseynovanın moderatorluğu ilə keçirilən beynəlxalq tədbir UNEC-in rəsmi “Facebook” səhifəsində canlı yayımlanıb.