ELM VƏ TƏHSİL
UNEC ilə “Bank Respublika” arasında anlaşma memorandumu imzalanıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Bank Respublika” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, sənəddə UNEC ilə “Bank Respublika” arasında müasir təhsil proqramları istiqamətində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya texnologiyalarının tətbiqi, birgə seminar, treninq, konfrans və digər tədbirlərin təşkili, bankda tələbələr üçün staj keçirilməsi, sosial layihələrin işlənməsi və s. nəzərdə tutulur.
İmzalanma mərasimində çıxış edən rektor Ədalət Muradov UNEC-də həyata keçirilən yeniliklərdən söz açıb və universitetin hədəfləri barədə məlumat verib. “Bank Respublika” ilə əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən rektor gənc müəllimlərin xarici universitetlərdə tədqiqat aparması, eləcə də xaricdə fəaliyyət göstərən müəllimlərin UNEC-də tədrisə cəlb olunması istiqamətində tərəfdaşlığın vacibliyini bildirib.
“Bank Respublika”nın İdarə heyətinin sədri Tariyel İsmayılov UNEC ilə əməkdaşlığın perspektivlərindən söz açıb. Bankın gənclərin peşəkar mütəxəssis kimi yetişməsinə dəstək olacağını deyib. Eləcə də bankın əməkdaşlarının UNEC-in korporativ təhsil imkanlarından yararlana biləcəyinin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
Əməkdaşlıq haqqında anlaşma memorandumunu UNEC-in rektoru Ədalət Muradov və “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov imzalayıb.