DÜNYA


ÜST-nin baş direktoru Livanda səhiyyənin acınacaqlı vəziyyətdə olduğunu bəyan edib

Qahirə, 18 sentyabr, AZƏRTAC

Livanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Beyrutda keçirdiyi mətbuat konfransında bu ölkədə səhiyyənin acınacaqlı vəziyyətdə olduğunu, xüsusən maliyyə və iqtisadi böhran səbəbindən həkimlərin xarici ölkələrə emiqrasiya etdiyini bəyan edib. O əlavə edib ki, ÜST bir ildən artıq müddətdə dərin böhran keçirən bu sektorun dirçəldilməsi məqsədilə tədbirlər planı hazırlayıb, Livana dərman preparatları və tibbi ləvazimat, habelə həkim briqadaları göndərməyi nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, ÜST-nin rəhbəri suriyalı qaçqınlar da daxil olmaqla 6 milyona yaxın əhalisi olan Livanda sosial-iqtisadi böhran və COVID-19 pandemiyası ilə bağlı ağır vəziyyət yarandığını diqqətə çatdırıb. O bildirib ki, təşkilatın bir il əvvəl Beyrut limanında baş vermiş partlayış nəticəsində dağılmış dərman preparatları anbarı da donorların yardımı ilə bərpa ediləcək.

Beyrutda hospitalları ziyarət edən Gebreyesus deyib ki, onların əksəriyyətində dərman preparatları və zəruri tibbi ləvazimat yoxdur və xəstələr müalicə olunmur. “Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər. Bu, dəhşətli faktdır. Bu cür ağır vəziyyətin fəsadları uzun illər hiss ediləcək”, - deyə ÜST-nin rəhbəri həyəcan təbili çalıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.