CƏMİYYƏT


ÜST rəhbəri: koronavirusla mübarizədə biz üç təhlükə ilə üzləşdik

Bakı, 12 fevral, AZƏRTAC

Pandemiya ilə mübarizə aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının himayəsində yaradılan beynəlxalq koalisiyanın büdcəsində 27 milyard dollar çatışmır. ACT Accelerator platformasının məqsədi COVID-19-un qarşısının alınması, diaqnostikası və müalicəsi üçün lazımlı vasitələrin hazırlanmasını qlobal səviyyədə sürətləndirməkdir.

“Bu maliyyə boşluğunun aradan qaldırılması məsələsi uzandıqca, bunun niyə baş verdiyinin dərk edilməsi də bir o qədər çətinləşir, axı söhbət “Böyük iyirmilik” ölkələrinin iqtisadiyyatlarının stimullaşdırılması üzrə tədbirlərə xərclədikləri trilyonlarla dolların cüzi bir hissəsindən gedir”. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus Cenevrədə mətbuat konfransında deyib.

ÜST rəhbərinin bildirdiyi ikinci təhlükə, ölkələr və vaksin istehsalçıları arasındakı ikitərəfli müqavilələrdir. O, hökumətləri vaksinlərin satın alınması və ədalətli paylanması mexanizmi olan COVAX vasitəsilə işləməyə və bu beynəlxalq alyansla rəqabət aparmağa çalışmamağa çağırdı.

Dərhal həll edilməsi tələb olunan üçüncü problem vaksin istehsalının həcminin artması ilə bağlıdır. Doktor Tedrosun sözlərinə görə artıma, lisenziyalaşdırma və texnologiya ötürülməsi də daxil olmaqla müxtəlif sektorlar arasında "yenilikçi əməkdaşlıq" sayəsində nail olmaq lazımdır.

Yeni, daha yoluxucu koronavirus stammlarının ortaya çıxması ÜST-ni çox narahat edir. Məsələn, ilk dəfə Cənubi Afrikada aşkar edilən variant qitəyə sürətlə yayılır və artıq səkkiz Afrika ölkəsində aşkar edilib. Böyük Britaniyada ilk dəfə aşkarlanan ştammı da dayandıra bilmirlər.

"Bu, əlbəttə, kədərli xəbərlərdir, lakin vəziyyət çox dinamikdir", - deyə Tedros Qebreyesus qeyd edib. -Biz COVID-19-un bütün formalarından qoruya biləcək bir vaksinin hazırlanacağına çox ümid edirik, amma bu gün xəstəxanaların həddindən artıq yüklənməsinə səbəb olan ağır xəstəlik hallarının qarşısını almaq çox vacibdir". Xatırladaq ki, bu həftə Cənubi Afrikada, araşdırmalara görə B1.351 adlanan ştamma yoluxmadan qorumadığına görə Oxford / AstraZeneca istehsalı olan preparatla vaksinasiya prosesi dayandırılıb.

ÜST, mövcud vaksinlərin yeni ştammlardan nə dərəcədə qoruduğunu vaxtında aydınlaşdırmaq üçün koronavirusun bütün mutasiyalarının izlənilməsinə dair koordinasiyalı yanaşma işləyib tapmaq lazım olduğunu israr edir. "Pandemiya başa çatmaqdan çox uzaqdır, vaksin isə ona qarşı mübarizədə vacib alətlərdən təkcə biridir. Biz tibb işçilərinin və səhiyyə sistemlərinin qorunmasına daha çox sərmayə qoymalıyıq, həmçinin, artıq məlum tədbirləri fəal şəkildə tətbiq etməliyik - maska taxmaq, əlləri yumaq və bir-birimizlə məsafə saxlamaq lazımdır", – deyə doktor Tedros sonda xatırladıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.