CƏMİYYƏT
Ucar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərı müzakirə olunub
Bakı, 26 oktyabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Ucar rayonunda tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək, elektron daşıyıcılarda təbliğat materialları ilə təmin olunublar.
Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.
Treninqdə iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupunun hazırladığı sertifikatlar və zəruri əyani vəsaitlər verilib.