Ukrayna KİV-lərində Azərbaycan diasporunun ağsaqqalı barədə bir sıra məqalələr dərc edilmişdir
AzerTAg.az
Kiyev, 10 yanvar (AZƏRTAC). Firuddin Ənvər oğlu Məmmədovu haqlı olaraq Ukraynanın Azərbaycan diasporunun ağsaqqalı adlandırırlar. Azərbaycandan olan F.Mehdiyev bütün həyatı, yorulmaz fəaliyyəti, yüksək əxlaqi və liderlik keyfiyyətləri, vətənpərvərliyi ilə Kiyevdə yaşadığı bir neçə onillik ərzində nəinki həmvətənlərimiz arasında, həmçinin Ukrayna cəmiyyətində, habelə bizə dost olan çoxmillətli ölkənin nümayəndələri arasında hörmət və yüksək nüfuz qazanmışdır.
“Nizami Gəncəvi adına Azərbaycan İctimai-Mədəni Mərkəzi” Ümumukrayna Təşkilatının fəxri prezidenti, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində “Xidmətlərinə görə” ordeninə, Ukraynanın digər dövlət mükafatlarına layiq görülmüş Firuddin Məmmədov haqqında Ukraynanın nüfuzlu KİV-lərində dərc olunmuş yazılar bu şəxsiyyətə marağı bir daha nümayiş etdirmişdir.
Bəzi məqalələrin və onunla müsahibələrin sərlövhələrini qeyd edək: “Nyu-York və Moskva bizi dinləyir” (Ukraynada nəşr olunan “İzvestiya” qəzeti, 20.12.2011), “Əsas neft deyil, bəşəri dəyərlərdir!” (“Qolos Ukrainı” parlament qəzeti, 23.12.2011), “Firuddin Məmmədov: “Biz ilk vətənin mənəvi dəstəyini duyuruq” (“Trud”, 23-29.12. 2011).
Bu materiallarda Firuddin müəllim şəxsən tanış olduğu dahi lider Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində rolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ölkənin qazandığı müvəffəqiyyətlərdən, 2011-ci ilin ən əhəmiyyətli xarici siyasi hadisələrindən, o cümlədən Ukrayna Prezidenti Viktor Yanukoviçin Bakıya səfərindən, ötən il güclü təkan almış Ukrayna-Azərbaycan münasibətlərindən və bir çox başqa məsələlərdən söhbət açır.
F.Məmmədov Azərbaycan dövlətinin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ukraynadakı diasporumuza böyük diqqət yetirdiklərini vurğulayır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Xəbərin mətnində orfoqrafik səhv var