DÜNYA
Ukrayna ordusunun "Cənub" Əməliyyat Komandanlığı: Rusiya hərbçiləri strateji Zmeynıy adasını tərk edib
Kiyev, 30 iyun, AZƏRTAC
Rusiya ordusu Ukraynanın Odessa vilayətinin strateji Zmeynıy adasını tərk edib. Ukrayna qoşunlarının növbəti uğurlu əməliyyatından sonra Rusiya ordusu tələsik qarnizonun qalıqlarını təxliyə edib.
Bu barədə AZƏRTAC Ukrayna ordusunun "Cənub" Əməliyyat Komandanlığının rəsmi açıqlamasına istinadla xəbər verir.
Açıqlamada deyilir ki, gecə saatlarında Rusiya hərbçiləri iki sürətli qayıqla tələsik şəkildə təxliyə edilib. Hazırda adada partlayış səsləri eşidilir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi qoşunlarının Zmeynıy adasından geri çəkildiyini təsdiq edib. Bildirilib ki, iyunun 30-da Rusiya Silahlı Qüvvələri xoşməramlı addım olaraq adada tapşırıqların yerinə yetirilməsini başa çatdırıb və orada yerləşən qarnizon adanı tərk edib. Bununla da, Rusiya Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının çıxarılması ilə bağlı humanitar dəhlizin təşkili üzrə BMT-nin səylərinə əngəl yaratmadığını dünya ictimaiyyətinə nümayiş etdirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev