MƏDƏNİYYƏT
Ukraynalı jurnalist: dahi Nizaminin yaradıcılığı Ukraynada əvvəllər də fəal populyarlaşdırılırdı
Kiyev, 8 yanvar, AZƏRTAC
“Azərbaycanda bu xalqın böyük klassiklərinin ədəbi irsinə yüksək səviyyədə hörmət bəslənilir. Çox sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev sərəncam verərək 2021-ci ili Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi İli elan edib”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi, jurnalist Marina Qonçaruk bu sözləri AZƏRTAC-a müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycan şairlərinin çoxunun ədəbi əsərlərində olduğu kimi, Nizami yaradıcılığında da multikulturalizmə xas olan humanizm, insansevərlik, etnik və dini mənsubiyyətə görə fərq qoyulmadan hər kəsin dərdinə şərik olmaq kimi xüsusiyyətlər təşviq olunur.
Ukraynalı jurnalist daha sonra deyib: “Böyük Nizaminin uca ümumbəşəri idealları və geniş multikultural təfəkkürü onun “Yeddi gözəl”, “İsgəndərnamə”, “Xosrov və Şirin” və digər əsərlərində xüsusilə aydın hiss olunur. Mənim fikrimcə, Nizami Gəncəvi İlində biz bu böyük klassikin irsinə daha çox diqqət yetirəcək və Nizami yaradıcılığında Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarını Ukrayna auditoriyası üçün təqdim edəcəyik. Onu da demək istəyirəm ki, böyük Nizaminin yaradıcılığı Ukraynada əvvəllər də fəal populyarlaşdırılırdı. Bizim görkəmli tərcüməçi, 2009-cu ildə dünyasını dəyişmiş şair Nikolay Miroşniçenkonun tərcümələrini xüsusi qeyd etmək lazımdır”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev