SİYASƏT
Ulu Öndər Heydər Əliyev Azərbaycanın ən yeni tarixində silinməz izlər qoyub
Bakı, 10 dekabr, Samirə Allahverdiyeva, AZƏRTAC
Dekabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin irsinin təbliği məqsədilə keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. O deyib ki, bu gün Ümummilli Liderə həsr edilən çoxlu sayda kitab nəşr olunur. Lakin Heydər Əliyev kimi dahi şəxsiyyətin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən kitabların bu mövzu ilə bağlı daha geniş məlumata malik və bilavasitə o dövrün şahidi olan şəxslər tərəfindən hazırlanması daha məqsədəuyğun olardı.
M.Nağıyev görkəmli dövlət xadimi Heydər Əliyev irsinin öyrənilməsinin və təbliğinin, ideyalarının gələcək nəslə çatdırılmasının vacibliyini vurğulayıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev çıxış edərək deyib ki, böyük ideyalar dahi şəxsiyyətlərə məxsus olur. Böyük ideyaların müəllifi Heydər Əliyev Azərbaycanın ən yeni tarixində silinməz izlər qoyub. Ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycanın müstəqil dövlətçilik tarixində yeni bir dövr başlandı. Bu dövr inkişaf, çiçəklənmə və tərəqqi dövrüdür.
Qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan daha da inkişaf edən və dünya dövlətləri arasında layiqli yerini tutan bir ölkəyə çevrilib.
Milli Məclis Aparatının şöbə müdiri Adilə Abbasova ümummilli lider Heydər Əliyevin Azərbaycan naminə yorulmadan çalışdığını, bugünkü inkişafın və tərəqqinin məhz onun fəaliyyətinin nəticəsi olduğunu qeyd edib. Heydər Əliyev epoxasını yüksəliş epoxası adlandıran A.Abbasova vurğulayıb ki, onun parlaq zəkası, müdrikliyi sayəsində xalqımız öz milli mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoydu. Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev çox mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırdı.
Tədbirdə digər çıxış edənlər ümummilli lider Heydər Əliyevlə bağlı fikirlərini bildiriblər.