CƏMİYYƏT
Ulu Öndərin 98-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib.
NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirlər çərçivəsində Gənclər Təşkilatları Milli Şurası tərəfindən ümummilli lider, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevə həsr edilmiş videoçarx hazırlanıb, gənclər təşkilatlarının nümayəndələri üçün “Dahi Azərbaycanlı” filmi nümayiş olunub.
Bildirilib ki, NAYORA-nın təşkilatçılığı ilə hazırlanan filmdə Heydər Əliyevin rəhbərliyi altında milli, mədəni və sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlərdən bəhs olunur.
Ulu Öndərin 98-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvləri ilə “Gənclər və gənclər təşkilatları ilə işin səmərəliliyi, həyata keçirilən fəaliyyətlər və gələcək perspektivlər” mövzusunda gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin görüşü keçirilib. Görüş zamanı ümummilli lider Heydər Əliyevin gənclər siyasətində yaratdığı yeniliklərdən bəhs olunub, iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin bildirdiyi müdrik kəlamlardan ibarət posterlər hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb.
Qeyd olunub ki, Azərbaycanda gənclər siyasətinin banisi Heydər Əliyev ölkəmizin iqtisadi, sosial, ictimai və mədəni həyatında əvəzolunmaz dəyişikliklərə nail olub. Ulu Öndərin ölkənin inkişafı üçün əldə etdiyi uğurları qorumaq, gələcək nəsillərə ötürmək və daha da inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur.