REGİONLAR
Ulu Öndərin misilsiz xidmətləri Azərbaycanın müstəqilliyini təmin edib
Naxçıvan, 10 oktyabr, AZƏRTAC
Ölkəmizə rəhbərliyinin hər iki dövründə ümummilli lider Heydər Əliyevin Vətənimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycanın müstəqilliyini təmin etməklə bərabər, həm də onun müasir inkişafını şərtləndirib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda keçirilən açıq dərsdə səsləndirilib.
Muzeyin bələdçisi Hafizə Seyidzadə qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Azərbaycanın müstəqilliyinin əldə edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi baxımından çox mühüm bir mərhələdir. Məhz həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində dövlət rəmzlərimiz haqqında qərar qəbul edilib, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılıb, muxtar respublikanın təhlükəsizliyinin təmin olunması üçün mühüm addımlar atılıb. Eyni zamanda, qonşu Türkiyə və İranla ikitərəfli əlaqələrin təməli qoyulub.
Vurğulanıb ki, xalqın tələbi, ölkədəki böhranlı şərait, o vaxtlar hakimiyyətdə olanların siyasi savadsızlığı və səriştəsizliyi üzündən yaranmış hakimiyyətsizlik, xaos, torpaqlarımızın bir hissəsinin işğal olunması, ölkəmizin müstəqilliyi üçün yaranmış real təhlükə 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtmasını zəruri edib. Beləliklə, 15 iyun xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara söykənən müstəqil dövlət quruculuğu prosesinə start verilib. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində 1994-cü ilin mayında Azərbaycan Ordusunun əks-hücumundan qorxuya düşən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur olub, ölkəmizin milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılmasına başlanılıb. Eyni zamanda, həmin ilin sentyabrında müstəqil Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan “Əsrin müqaviləsi” imzalanıb. Bundan sonra tarix üçün çox qısa bir dövrdə Azərbaycan sürətlə inkişaf edərək, dünya dövlətləri sırasında öz layiqli yerini tutub.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlar qazanılır. Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, şəhər, qəsəbə və kəndlər yenidən qurulur. Ötən dövr ərzində muxtar respublikanın müdafiə qabiliyyəti gücləndirilib, makroiqtisadi sabitlik bərqərar olunub, iqtisadi inkişafa təkan verilib, əhalinin yaşayış səviyyəsi yaxşılaşdırılıb. Bütün bunlar ulu öndər Heydər Əliyev yoluna sədaqətin və Milli Qurtuluşdan başlanan intibahın bəhrələridir.
Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.