HEYDƏR ƏLİYEV - 100
Ulu Öndərin yubileyinə həsr olunan rus dili olimpiadasının qalibləri mükafatlandırılıb

















Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də Bakı Dövlət Universitetində rus dilində təşkil edilən 15-ci Respublika Olimpiadasının qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Doğma dil ürəyin güzgüsüdür” mövzusunda keçirilən və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən olimpiada Azərbaycanın Elm və Təhsil Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” agentliyinin ölkəmizdəki nümayəndəliyi, Bakıdakı “Rus Evi” və Azərbaycan Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Tədbiri açan Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov bildirib ki, Ulu Öndər Heydər Əliyev Bakı Dövlət Universitetini xalqın sərvəti adlandırırdı. O, Ümummilli Liderə həsr olunmuş 15-ci Respublika Olimpiadasının iştirakçıların yaddaşında həmişəlik qalacağını qeyd edib.
BDU-nun fəaliyyətindən danışan prorektor burada rus dilində tədrisə önəm verildiyini diqqətə çatdırıb. Bildirilib ki, universitetin rus bölməsində təhsil alan tələbələri mütəmadi olaraq simpoziumlarda və seminarlarda fəal iştirak edirlər.
Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə olduğu kimi, humanitar sahədə də əlaqələr yüksək səviyyədədir. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında dostluq münasibətləri, həmçinin qarşılıqlı səfərlər münasibətlərimizin inkişafına yeni təkan verir.
Olimpiadanın təşkilatçılarına təşəkkürünü bildirən diplomat belə tədbirlərin əlaqələrin inkişafında rolunu qeyd edib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında ictimai-siyasi və humanitar münasibətlərin mühüm amillərindən biri də Azərbaycanda rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsidir.
Səfir əlaqələrimizin bundan sonra da inkişaf edərək dərinləşəcəyinə əminliyini bildirib.
Digər çıxış edənlər - elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin, Bakıdakı “Rus Evi”nin rəhbəri İrek Zinnurov ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, olimpiadanın qaliblərinə uğurlar arzulayıblar.
Çıxışlardan sonra paytaxt Bakıdan və bölgələrdən olan 60 qalib mükafatlandırılıb.
Şagirdləri fərqlənən məktəb və lisey direktorlarına sertifikatlar təqdim olunub.