ELM VƏ TƏHSİL
Ulu öndər Heydər Əliyevin ideyaları əbədiyaşardır
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb.
Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında dahi rəhbər Heydər Əliyevin əvəzsiz rolunu vurğulayan professor Mustafa Babanlı Ümummilli Liderin elmə, təhsilə, mədəniyyətə və digər sahələrə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Ulu öndər Heydər Əliyev siyasətinin əhəmiyyətini qeyd edən rektor dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söyləyib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə müdrik şəxsiyyət Heydər Əliyevin böyük xilaskarlıq rolundan, zəngin dövlətçilik təcrübəsindən danışıb.
ADNSU-nun kafedra müdiri, professor Camal Mustafayev, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov görkəmli dövlət xadimi Heydər Əliyev ideyalarının əbədiyaşar olduğunu vurğulayıblar.