CƏMİYYƏT
Ulu öndər Heydər Əliyevin rəhbərliyinin bütün dövrlərində Azərbaycan sürətlə inkişaf edib
Bakı, 12 dekabr, AZƏRTAC
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin milli ordu quruculuğu strategiyası dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün də uğurla davam və inkişaf etdirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) keçirilən “Heydər Əliyev dahi xilaskar və dövlət qurucusu” adlı tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Heydər Əliyev: böyük dövlət xadimi, siyasət nəhəngi, tarixi və əfsanəvi şəxsiyyət” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyinin bütün dövrlərində Azərbaycan sürətlə inkişaf edib, dünyanın böyük dövlətləri ilə eyni səviyyəyə yüksəlməyi bacarıb. Ulu Öndərin zəngin və çoxşaxəli tarixi fəaliyyətinin mühüm istiqamətlərindən biri də ordu quruculuğundakı əvəzsiz xidmətləridir.
Ə.Qənizadə qeyd edib ki, Azərbaycanın ən yeni tarixinin 30 ildən artıq bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu fenomen şəxsiyyətin sovet siyasi sistemində hakimiyyətə gəlişi milli ideologiyanın, milli şüurun oyanmasına əvəzsiz töhfə verib.
Ulu Öndərin anım gününə həsr olunmuş “Unudulmaz” adlı sənədli filminin yaradıcısı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyev və digər çıxış edənlər bildiriblər ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, eləcə də beynəlxalq təşkilatlarda təmsil olunması və xarici ölkələrlə əlaqələrin qurulmasında əsaslı dönüş yaradılıb. Uzaqgörən, dahi şəxsiyyət Heydər Əliyev parlaq zəkası, zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb, dövlət müstəqilliyimizi əbədi və dönməz edib.
Tədbirdə Ulu öndər Heydər Əliyevin həyatının son dövrlərindən bəhs edən “Unudulmaz” adlı sənədli filmi nümayiş olunub.
Sonra iştirakçılar ulu öndər Heydər Əliyevə həsr olunmuş əsərlərdən ibarət sərgiyə baxıblar.