CƏMİYYƏT
Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinə ehtiram
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Bakıda keçirilən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa Regional Şurasının Gənclər Komitəsinin “Gənclərin məşğulluğu və iş dünyasının gələcəyi” mövzusunda beynəlxalq konfransının iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən konfrans iştirakçılarına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.