İQTİSADİYYAT
Ümumdünya Gömrük Təşkilatı ilə əməkdaşlıq gömrük islahatlarının uğurla reallaşdırılmasına töhfə verir
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının müavini Taeil Kanqla görüşüb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, S.Mehdiyev ÜGT ilə Dövlət Gömrük Komitəsi arasındakı səmərəli əməkdaşlıqdan danışıb və qarşılıqlı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Komitə sədri son illər Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən innovativ islahatlardan və əldə olunan nəticələrdən bəhs edərək ÜGT ilə səmərəli əməkdaşlığın da islahatların uğurla reallaşdırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
S.Mehdiyev gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin asanlaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi istiqamətində gələcəkdə atılacaq addımlardan bəhs edib və tətbiq ediləcək yeniliklərin ÜGT-nin tövsiyələri əsasında həyata keçiriləcəyini vurğulayıb. Dövlət Gömrük Komitəsinin sədri hazırda Bakıda keçirilən ÜGT-nin Avropa Regionu Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndiricilərinin iclasının da region ölkələri arasında məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində mühüm rol oynayacağını bildirib.
ÜGT Potensialın Gücləndirilməsi Direktoratlığının müavini T.Kanq təmsil etdiyi qurumla Dövlət Gömrük Komitəsi arasındakı əlaqələrdən məmnunluqla bəhs edib və son illər Azərbaycan gömrük orqanları tərəfindən tətbiq edilən yenilikləri, əldə olunan nəticələri yüksək qiymətləndirib. O, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin, Regional Tədris və Kinoloji mərkəzlərinin Azərbaycanda yerləşməsinin də ölkənin gömrük orqanlarının uğurlu fəaliyyətinin və təmsil etdiyi qurumla səmərəli əməkdaşlığının nəticəsi olduğunu vurğulayıb.
Dövlət Gömrük Komitəsinin ötən il ÜGT-nin Avropa Regionuna rəhbər seçilməsindən danışan T.Kanq Azərbaycan gömrüyünün bu istiqamətdə də beynəlxalq gömrük ailəsinə mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.