CƏMİYYƏT
Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş ədəbi-bədii gecə keçirilib
Bakı, 10 may, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ulu öndər Heydər Əliyevin xüsusi formada çəkilmiş portreti, həmçinin rəsm əsərləri nümayiş etdirilib. Daha sonra tələbələr tərəfindən vokal və xorda, eləcə də müxtəlif musiqi alətlərində ifalar səsləndirilib, rəqs nümunələri nümayiş etdirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli AZƏRTAC-a müsahibəsində Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə keçirilən tədbirin iki hissədən ibarət olduğunu bildirib. “Tədbirin birinci hissəsində tələbə gənclərin əl işlərindən ibarət tablolarda yaratdıqları əsərlər sərgilənib. Daha sonra ədəbi-bədii gecə təşkil edilib. Tədbirin təşkilində əsas məqsəd Ulu Öndərin zəngin irsinin təbliği, gənclərin bu sahədə biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. Tədbir tələbə gənclərin böyük marağına səbəb olub”, - deyə Pərviz Mirələmli vurğulayıb.