SİYASƏT
Ümummilli Liderin xatirəsi Mərakeşdə də anılıb
Rabat, 10 may, AZƏRTAC
Azərbaycanın Mərakeşdəki səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin 96 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səfir Oktay Qurbanov Azərbaycanın dövlətçilik və xarici siyasət konsepsiyasının banisi olan Heydər Əliyevin ölkəmizin müasir tarixinin çətin dövründə qısa müddətdə əsaslı dönüşə nail olduğunu və milli maraqlara əsaslanan praqmatik və çoxşaxəli xarici siyasət strategiyasının əsasını qoyduğunu vurğulayıb.
Ümummilli lider Heydər Əliyev və Kral II Həsən tərəfindən əsası qoyulmuş Azərbaycan-Mərakeş dostluq münasibətlərinin Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyini qeyd edən səfir bu əlaqələrin, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Səfir deyib ki, müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyev nəcib əməlləri, misilsiz xidmətləri və nailiyyətləri ilə öz xalqının xatirəsində daim yaşayacaq.
Daha sonra tədbir iştirakçıları çıxış ediblər. Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Məhəmməd Faqiri ümummilli lider Heydər Əliyevin Azərbaycan-Mərakeş münasibətlərinin formalaşmasında və inkişafında rolunu vurğulayıb.
V Məhəmməd Universitetinin Ədəbiyyat və humanitar elmlər fakültəsinin dekanı professor Cəmaləddin əl-Hani ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mədəniyyət siyasəti barədə danışıb.
Müasir Azərbaycandakı tolerantlıq mühitinə toxunan Cəmaləddin əl-Hani cari ilin 2-3 may tarixlərində Bakı şəhərində keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri barədə məlumat verib.
2019-cu ilin aprel ayında Bakıda keçirilmiş İslam dünyası gənc klassik musiqi ifaçılarının VIII beynəlxalq müsabiqəsinin mükafatçısı, dahi bəstəkar Qara Qarayevin əsərlərini Mərakeşdə ifa edən Mahmud əl-Musavi Azərbaycan xalqının mədəniyyəti və musiqi irsi ilə bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat