SİYASƏT
Ümummilli lider Heydər Əliyevin xatirəsi Sofiyada da anılıb VİDEO
Sofiya, 11 dekabr, AZƏRTAC
Bolqarıstanın Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetində tələbə və müəllimlərə “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və müasir Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda mühazirə oxunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Bolqarıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə rektor Stoyan Dençev çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. Bu gün Azərbaycanla Bolqarıstan arasında müxtəlif sahələr üzrə uğurlu əməkdaşlığın mövcud olduğunu bildirən rektor bu münasibətlərin ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasətinə söykəndiyini diqqətə çatdırıb. Müasir Azərbaycanın tərəqqisində Heydər Əliyevin misilsiz xidmətlərinə toxunan S.Dençev bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb.
Daha sonra Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova mühazirə ilə çıxış edərək xalqımızın dövlətçilik tarixindən danışıb. O, 100 il bundan öncə müsəlman və türk dünyasında ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, bununla da Azərbaycan dövlətçiliyinin yeni formada bərpa edildiyini diqqətə çatdırıb.
Azərbaycanın İstiqlal Bəyannaməsindən bəhs edən səfir sənəddə Azərbaycanın bütün dövlətlərlə, xüsusilə qonşu ölkələrlə dost münasibətlərin qurulması niyyətinin ifadə olunduğunu, həmçinin milliyyətindən, dinindən, sosial statusundan və cinsindən asılı olmayaraq dövlətin bütün vətəndaşlarına bərabər mülki və siyası hüquqlar verdiyini bildirib. Səfir bu dövlətin müsəlman və türk dünyasında qadınlara səsvermə hüququ verən ilk dövlət olduğunu və bu məsələdə bir çox Avropa ölkələrini geridə qoyduğunu diqqətə çatdırıb. Azərbaycanda yaşayan bütün millətlərin parlamentdə təmsil olunduğunu bildirən diplomat 120 millət vəkilinə malik parlamentin 11 fraksiyanı əhatə etdiyini, iki illik mövcudluğu ərzində parlamentin 230 qanun qəbul etdiyini bildirib. Gənc dövlətin beynəlxalq miqyasda tanınması uğrunda aparılan fəaliyyətdən bəhs edən səfir parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyində nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakından və Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasından söz açıb. O, Cümhuriyyətin beynəlxalq əlaqələrindən də ətraflı danışıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasını təəssüf hissi ilə qeyd edən səfir 1920-ci ilin aprelində bolşevik müdaxiləsi nəticəsində gənc dövlətin süqut etdiyini bildirib. O, qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, mütərəqqi dövlətin böyük uğurlar qazandığını qeyd edib, hazırkı dövlət rəmzlərindən üçrəngli bayrağın və himnin əsasının məhz o dövrdə qoyulduğunu söyləyib. 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında üçrəngli bayrağımızın yenidən qaldırıldığı diqqətə çatdırılıb.
N.Qurbanova 71 il sonra dünya ictimaiyyətinə yenidən bərabərhüquqlu üzv kimi qoşulan Azərbaycanın müstəqilliyinin ilk illərinin çox ağır günlərin şahidi olduğunu təəssüf hissi ilə qeyd edib. Səfir tarixən erməni millətçilərinin Azərbaycan torpaqlarına göz tikməsi, onların əsrlərboyu Ermənistanda yaşayan soydaşlarımızı zorla deportasiya etməsi, ölkəmizə qarşı hərbi təcavüz edərək ərazimizin 20 faizini işğal etməsi və bunun nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə tədbir iştirakçılarını məlumatlandırıb. O əlavə edib ki, bütün çətinliklərə baxmayaraq, son 25 il ərzində Azərbaycan çox uğurlu inkişaf yolu keçərək qlobal və regional proseslərə böyük töhfə verən ölkəyə çevrilib. O, bu uğurlu siyasətin əsasını ümummilli lider Heydər Əliyevin qoyduğunu və hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini vurğulayıb.
Müasir Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışan səfir bütün bu nailiyyətlərin dahi şəxsiyyətin uzaqgörən siyasətinin uğurlu bəhrəsi olduğunu qeyd edib. Məhz bu siyasətin nəticəsində Azərbaycan həm siyasi, həm də sosial-iqtisadi baxımdan öz nüfuzunu artıra bilib və təkcə özünün deyil, qonşu ölkələrin də inkişafına vacib töhfə verib. Azərbaycanın bir çox irimiqyaslı layihələrə imza atdığını söyləyən diplomat əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası barədə danışıb, “Əsrin müqaviləsi” haqqında məlumat verib.
Dahi rəhbərin digər ölkələrlə dostluq əlaqələrinin inkişaf etdirilməsi siyasətini xüsusilə vurğulayan səfir bu kontekstdə Azərbaycan ilə Bolqarıstan arasında münasibətləri xatırladıb, Heydər Əliyevin Bolqarıstana, eləcə də Bolqarıstanın mərhum Prezidenti Jelyu Jelevin Azərbaycana səfərindən söz açıb. O, iki prezident tərəfindən əsası qoyulan bu ənənəni sonrakı prezidentlərin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Azərbaycanın regionda Bolqarıstanın yeganə strateji tərəfdaşı olduğunu vurğulayan səfir 2015-ci ilin martında Prezident İlham Əliyevin Sofiyaya rəsmi səfəri zamanı ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını söyləyib. O, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu bildirib.
Mühazirə zamanı iştirakçılara ölkəmiz barədə jurnallar paylanılıb və sonda Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya