CƏMİYYƏT
Unikal əməliyyat: hemodializ xəstəsinə böyrək köçürülüb

Bakı, 16 oktyabr, AZƏRTAC
Respublika Müalicəvi Diaqnostika Mərkəzində unikal əməliyyat icra edilib. Həmin tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən Böyrək Xəstəlikləri və Transplantasiya Mərkəzində texniki cəhətdən çox mürəkkəb olan böyrək köçürülməsi aparılıb.
Səhiyyə müəssisəsindən AZƏRTAC-a verilən məlumata görə, dəfələrlə uğursuz əməliyyat keçirən 47 yaşlı Ağa Bağırova yaxın qohumunun böyrəyi köçürülüb.
Əməliyyatı Mərkəzin müdiri, cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev aparıblar. Həkimlərin dediyinə görə, uzun illər hemodializ xəstəsi olan pasiyent böyrək transplantasiyası üçün müraciət etdiyi mərkəzlərin hamısından imtina cavabı almışdı. Məsələnin mürəkkəbliyi də məhz onun üzərində dəfələrlə aparılan uğursuz əməliyyatlar idi.
Artıq hər şey arxada qalıb və uroloq-cərrahların apardığı uğurlu əməliyyat zamanı heç bir fəsad baş verməyib. Hazırda xəstənin vəziyyəti yaxşıdır.