CƏMİYYƏT
Uşaqların IV Ümumrespublika Forumu iştirakçılarının seçimi başa çatıb VİDEO
Bakı, 22 aprel, Xəyalə Məmmədova, AZƏRTAC
Uşaqların IV Ümumrespublika Forumuna vəsiqə qazanan məktəblilərin seçimi başa çatıb.
AZƏRTAC xəbər verir ki, sonuncu seçim turu Nərimanov rayonunda yerləşən 200 saylı məktəb-liseydə keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova tədbirdə çıxış edərək Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun keçirilməsində başlıca məqsədin uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdən ibarət olduğunu söyləyib.
Tədbirdə Nərimanov, Suraxanı, Qaradağ, Xəzər, Xətai, Yasamal və Pirallahı rayonlarından olan uşaqlarla fərdi müsahibələr aparılıb. Hər rayondan fəallığı və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə edən iki şagird forumda iştirak etmək hüququ qazanıb.
Seçim turu çərçivəsində “Qələbəyə doğru” kuboku uğrunda ümumrespublika intellektual oyununun zona mərhələsi keçirilib. İntellektual oyunda həmin rayonları təmsil edən komandaların tərkibinə daxil olan 35 şagird mübarizə aparıb.
Yarışda fərqlənən Xətai komandası final turunda iştirak etmək hüququ qazanıb.
Komandaların üzvlərinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları təqdim edilib.