REGİONLAR


Üzüm bağlarında quru budamaya 300 nəfərdən çox işçi qüvvəsi cəlb olunub

İsmayıllı, 21 yanvar, AZƏRTAC

Üzümçülük İsmayıllı rayonunda kənd təsərrüfatının əsas, ənənəvi təsərrüfat sahəsidir və hazırda bağlarda gələcək məhsuldarlığa birbaşa təsiri olan quru budama aparılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İsmayıllıda 1161,1 hektar üzüm bağı var və bunun 1031 hektarı bar verir. Plantasiyaların sahəsi ildən-ilə artırılır. Təkcə ötən il 38 hektarda süfrə üzümü sortlarından ibarət yeni bağlar salınıb. Keçən il plantasiyalardan 4347 ton üzüm yığılıb və cari ildə istehsalın 5 min tona çatdırılması nəzərdə tutulub. Bunun üçün üzümçülükdə mühüm aqrotexniki tədbir olan quru budamanın vaxtında, xüsusi bilik və bacarığı olan peşəkarlar tərəfindən aparılması zəruridir.

Qeyd edək ki, quru budamada bar zoğları və onlarda olan gözlər hər bir sortun bioloji xüsusiyyətlərinə uyğun sayda saxlanılmalıdır. Tənəyin gücünə uyğun saxlanılan bar manqası məhsuldarlıqla yanaşı, məhsulun kefiyyətinə də təsir edir. Hazırda rayonda “Monolit” KFT-yə məxsus 306 hektar, “Aspiland” MMC-nin 115 hektar, “Kənd” MMC-nin 255 hektar üzüm bağlarında quru budama aparılır və hər gün bağlara 300 nəfərdən çox işçi qüvvəsi çıxır.

Plantasiyalarda quru budama işlərinin, habelə cərgələrarası dondurma şumunun fevralın sonunadək başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.