CƏMİYYƏT
VII “Dünya Hökumət Sammiti çərçivəsində təşkil olunmuş Forumda “ASAN xidmət” haqqında məlumat verilib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti VII “Dünya Hökumət Sammiti”ndə iştirak etmək məqsədilə Dubay şəhərinə səfər edib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, sammit çərçivəsində “Dövlət Xidmətləri” mövzusunda təşkil olunmuş xüsusi Forumda agentliyin nümayəndə heyəti iştirak edib. Forum zamanı Prezident İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, habelə elektron hökumət quruculuğu məsələləri barədə ətraflı məlumat verilib. Həmçinin davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin göstərilməsindəki irəliləyişlərin digər sahələrə də müsbət təsiri olduğu vurğulanıb.
Geniş müzakirələrlə davam edən tədbirə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Hindistan, Səudiyyə Ərəbistanı, Niderland kimi ölkələrin müvafiq sahə üzrə yüksəkvəzifəli nümayəndələri, beynəlxalq təşkilatlar, mülki cəmiyyət və özəl sektoru təmsil edən mütəxəssislər qatılıblar.
Tədbir çərçivəsində agentliyin sədri Ülvi Mehdiyev bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirib.
Mərakeş Krallığının inzibati idarəçilik və dövlət qulluğu naziri Mohammed Ben Abdelkader, Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç, Uqanda Respublikasının ictimai xidmətlər üzrə dövlət naziri David Karubanqa, İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar nazirinin müavini Diah Natalisa ilə keçirilən görüşlərdə agentlik ilə müvafiq qurumlar arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində nəzərdə tutulmuş fəaliyyətlər barədə müzakirələr aparılıb.
Səfər zamanı BƏƏ-nin Nazirlər Kabinetinin baş katibi Abulla Bin Tuq və yerli icmaların inkişafı üzrə nazir Hessa Bin Essa Buhumaid ilə də ikitərəfli görüşlər keçirilib.
Görüşlər zamanı tərəflər arasında dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsindəki əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüşlərin bir qismi agentliyin təşəbbüsü ilə Dubay şəhərində yeni fəaliyyətə başlamış “Azərbaycan Ticarət Evi”ndə keçirilib.