SİYASƏT
VLADİMİR PUTİN TELEVİZİYA İLƏ MİLLƏTƏ MÜRACİƏTİNDƏ BEYNƏLXALQ TERRORUN RUSİYAYA TƏCAVÜZÜ QARŞISINDA BİRLİYİ MÖHKƏMLƏNDİRMƏYƏ ÇAĞIRMIŞDIR
Prezident bəyan etmişdir ki, Rusiya torpağında dəhşətli faciə baş vermişdir. Ölkə, sadəcə, qatillərlə deyil, silahdan müdafiəsiz uşaqlara qarşı istifadə edənlərlə üzləşmişdir. O demişdir: “Biz hamımız yaxşılığa doğru dəyişikliklər gözləyirdik. Lakin həyatımızda baş verən bir çox dəyişikliklərə hazır olmadıq”.
Prezident V.Putinin sözlərinə görə, Rusiya keçid iqtisadiyyatı və cəmiyyətin vəziyyətinə və inkişaf səviyyəsinə uyğun olmayan siyasi sistem şəraitində, əvvəllər hakim ideologiya tərəfindən yatırılan, indi isə kəskinləşən daxili münaqişələr və etnoslararası ziddiyyətlər şəraitində yaşayır. O vurğulamışdır: “Biz müdafiə və təhlükəsizlik məsələlərinə lazımi diqqət yetirməmiş, korrupsiyanın məhkəmə və hüquq mühafizə sahəsini bürüməsinə imkan vermişik. Bundan əlavə, vaxtilə öz xarici sərhədlərinin güclü müdafiə sisteminə malik olan ölkəmiz bir anda həm Qərbdən, həm də Şərqdən müdafiəsiz qaldı”.
V.Putin etiraf etmişdir ki, “biz öz ölkəmizdə və ümumən, dünyada baş verən proseslərin mürəkkəbliyinin və təhlükəliliyinin başa düşülməsinə fikir verməmişik”.
Rusiya dövlətinin başçısı demişdir: “Bəziləri bizdən “yağlı” tikə qoparmağa can atır, digərləri onlara kömək edirlər. Ona görə kömək edirlər ki, guya dünyanın ən güclü nüvə ölkələrindən olan Rusiya kimin üçünsə təhlükə doğurur və buna görə də həmin təhlükəni aradan qaldırmaq lazımdır, terrorizm isə bu məqsədlərə nail olmaq üçün alətdir. Ölkəmizə hücum etmək öz qəddarlığı ilə Rusiyanı qorxutmaq, cəmiyyəti iflic etmək və dağıtmaq cəhdi deməkdir”.
Rusiya Prezidenti millətə müraciətində həmçinin bildirmişdir ki, əgər biz təşvişə düşsək, milyonlarla insanları Qarabağ, Dnestryanı və bizə yaxşı məlum olan digər faciələr kimi sonsuz qanlı münaqişələr girdabına sala bilərik.
V.Putin Rusiya rəhbərliyinin görəcəyi işlərdən danışaraq demişdir ki, ən yaxın vaxtlarda ölkənin birliyini möhkəmləndirməyə yönəldilmiş tədbirlər kompleksi hazırlanacaq, hüquq mühafizə orqanlarının fəaliyyətinə prinsipcə yeni yanaşmalar da daxil olmaqla, böhran əleyhinə səmərəli idarəetmə sistemi yaradılacaqdır.