ELM VƏ TƏHSİL
Vakant inzibati vəzifələr üzrə müsahibələrdə 23 namizəd uğur qazanıb
Bakı, 23 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 dövlət orqanında 28 vakant vəzifə üzrə mayın 22-də elan olunmuş ümumi müsahibədə iştirak etmiş 61 namizəddən 23-ü uğur qazanıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, müsahibələr Energetika Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Şirvan Apellyasiya Məhkəməsi, Hesablama Palatası, Lənkəran Ağır Cinayətlər Məhkəməsi üzrə keçirilib.
Dövlət İmtahan Mərkəzinə ən çox vakant vəzifə Energetika Nazirliyi (8) və Maliyyə Nazirliyi (4) tərəfindən verilib. Təqdim olunan ən yüksək vəzifə Energetika Nazirliyində insan resursları və dövlət qulluğu şöbəsində sektor müdiri vəzifəsidir. Ən yüksək müsabiqə vəziyyəti isə Hesablama Palatası (bir vakant vəzifə üzrə 18 müraciət) və Energetika Nazirliyində (bir vakant vəzifə üzrə 18 müraciət) müşahidə edilib.