CƏMİYYƏT
Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi başlayıb
Bakı, 5 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada keçirilən imtahanda 280 namizəd iştirak edir.
Dövlət İmtahan Mərkəzinin və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilən 100 test sualı təqdim edilib. Bu suallardan 60 mümkün balı toplayan namizədlər imtahanın növbəti - şifahi mərhələsinə keçəcəklər. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək.
Şəffaflığın təmin edilməsi məqsədilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər və KİV nümayəndələri imtahan prosesini izləyirlər.
Xatırladaq ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub. 2018-ci ildən indiyədək keçirilmiş altı imtahan nəticəsində ölkəmizdə vəkillərin sayı iki dəfə artaraq 1844-ə çatıb.