CƏMİYYƏT
Vəkillərin biliklərinin səviyyəsini yoxlamaq üçün kurs və seminarların təşkil edilməsi planlaşdırılır
Bakı, 6 iyun, AZƏRTAC
Vəkillər etik davranış, qanunvericilik və digər prinsiplərə yiyələnmək üçün müəyyən kurslar keçməli və vəkillik imtahanı verməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Dünya praktikasında da bu təcrübənin tətbiq edildiyini vurğulayan A.Bağırov bildirib: “Vəkillər Kollegiyasının üzvləri müəyyən spesifik biliklərə sahib olmalıdırlar. Kollegiyaya üzv olan vəkillər qanunvericiliyi, hüquqi aktları mükəmməl bilməli, eyni zamanda, bir sıra praktiki biliklərə yiyələnməlidirlər. Bütün bu biliklərin səviyyəsini yoxlamaq üçün vəkillərin ixtisas imtahanları verməsi nəzərdə tutulub. Bu, bütün ölkələrdə belədir. Biz bu baxımdan gələcəkdə bir sıra kursların, seminarların da təşkilini planlaşdırırıq”.