DÜNYA
Venesuelada təbii fəlakət nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Venesuelanın şimalında baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ən azı 43 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Venezolana de Televisión telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edir.
Bir müddət öncə Venesuela Prezidenti Nikolas Maduro daşqın və torpaq sürüşməsi nəticəsində 39 nəfərin həlak olduğu, 56 nəfərin isə itkin düşdüyünü bildirmişdi. Dövlət başçısının sözlərinə görə, xilasedicilər fəlakət bölgəsində gecə-gündüz çalışır.
Qeyd edək ki, oktyabrın 8-də güclü yağışlar Las-Texerias şəhərində torpaq sürüşməsinə və daşqına səbəb olub. Təbii fəlakət nəticəsində şəhərdə 317 bina tamamilə dağılıb, 750 bina isə ciddi zədələnib. İnfrastrukturun sıradan çıxması təbii fəlakətdən zərər görən rayonlara yardım çatdırılmasını çətinləşdirib.
Venesuela Prezidenti regionu fəlakət zonası elan edib. Ölkədə, həmçinin üçgünlük matəm elan olunub.