SİYASƏT
“Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşmüşlər
Bakı, 7 fevral (AZƏRTAC). Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi və cəmiyyətin təşkilat komitəsinin sədri Mehriban Əliyeva ölkənin gənclər və idman naziri xanım Christine Antorini ilə görüşmüşlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Səfər Sadiqi rəhbərlik etdiyi cəmiyyətin gördüyü işlərdən danışmış, cəmiyyətin əsas məqsədinin Danimarka ictimaiyyətini Azərbaycan barədə məlumatlandırmaq olduğunu bildirmişdir.
Görüşdə Azərbaycanın tarixi, mədəniyyəti barədə ətraflı məlumat verilmiş, Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaradıldığı bildirilmişdir. S.Sadiqi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkə ərazisinin 20 faizinin erməni işğalçıları tərəfindən zəbt edildiyi və hazırda Azərbaycanın bu problemin sülh yolu ilə həlli üçün həyata keçirdiyi tədbirlərdən bəhs etmişdir.
Təşkilat komitəsinin sədri Mehriban Əliyeva isə Danimarkada yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası prosesi barədə məlumat vermişdir. Mehriban Əliyeva özünün və Səfər Sadiqinin Danimarkanın Sosial-Demokrat Partiyasının üzvü olduqlarını nazirin diqqətinə çatdırmışdır. Görüşdə, həmçinin 2012-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə Azərbaycanın ev sahibliyi edəcəyi bildirilmişdir.
Nazir danimarkalıların Azərbaycana marağının yüksək olduğunu, buna görə də ölkəyə turist səfərlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır. O, cəmiyyət nümayəndələrinə Azərbaycan barədə geniş məlumata görə təşəkkür etmişdir.