RƏSMİ SƏNƏDLƏR


“Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikası medalının təsviri

Azərbaycan Respublikasının 2020-ci il
26 noyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Vətən Müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin ətrafı üçbucaq formalı xətlərlə, guşələrinin arası qövsvarı xətlərlə konturlanmış, guşələri ikitərəfli hamar şüalı, guşələrinin arası 32 ədəd qısa ikitərəfli hamar şüalı diametri 42 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında qırmızı minalı fonda yuxarı qövs boyunca “VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI” sözləri yazılmışdır, aşağı qövs boyunca mərkəzdən sol və sağ tərəflərə doğru dəfnə çələngləri təsvir olunmuşdur. Yazı ilə çələnglərin arasında, sol və sağ tərəflərdə iki səkkizguşəli ulduz təsvir olunmuşdur.

2.2. Daxili çevrənin içərisində səthi relyefli xətlərlə işlənmiş dairənin mərkəzində qoşa xətlərlə konturlanmış səkkizguşəli ulduz formalı lövhə, lövhənin mərkəzində isə ikitərəfli hamar şüalı səkkizguşəli ulduz təsvir olunmuşdur.

2.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

Medalın paltara bərkidilmək üçün elementi vardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin