QAN YADDAŞI
Vətən övladlarının müstəqillik uğrunda canlarından keçməsi xalqımızın azadlıq arzusunun dönməzliyinin göstəricisidir
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar xalqımızın yaddaşına, müstəqillik tarixinə qanla yazılmış bir səhifədir. Bu tarix azərbaycanlıların azadlıq səsini ucaltdığı, ölkəsinin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq nümayiş etdirdiyi şərəfli bir tarixdir. Azərbaycanın azadlığı, müstəqilliyi yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, ehtiramla anılır.
Bu sözləri yanvarın 20-də Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn paytaxt sakini Manaf Bədəlov AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, qan yaddaşımıza əbədi həkk olmuş həmin gündə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Vətənin mübariz övladlarının müstəqillik uğrunda canlarını qurban verməsi xalqımızın azadlıq arzusunun dönməzliyinin göstəricisidir.