Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə günü ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı ilə birgə “exit-poll” keçirəcək qurum kimi qeydə alınması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə günü ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı ilə birgə “exit-poll” keçirmək niyyətində olduqlarını bildirmiş və bu məqsədlə qeydə alınmasını xahiş etmişdir.

Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, həmin təşkilatın qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları” ilə “exit-poll” keçirmək niyyətində olan qurumların qeydiyyatına dair tələblər müəyyən olunmuşdur. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçirilib-keçirilməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

Təqdim edilmiş sənədlər Qaydaların tələblərinə cavab verdiyindən, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalıdır.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və adı çəkilən Qaydaların 2.3-cü bəndinə əsasən qərara alır:

1. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə günü ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək qurum kimi qeydə alınsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin