SİYASƏT
Vyanada Avropa Qəzet Konfransının növbəti illik toplantısı keçirilir
Vyana, 5 may (AZƏRTAC). Mayın 4-dən 6-dək Vyanada Avropa Qəzet Konfransının növbəti illik toplantısını keçirilir.
Toplantıda Avropanın aparıcı qəzetlərindən tutmuş kiçik regional qəzetlər də daxil olmaqla 220-dən artıq mətbu orqanının nümayəndələri, media menecerləri, naşirlər, ekspertlər iştirak edirlər. Azərbaycan tədbirdə AZƏRTAC, Trend və APA agentliklərinin jurnalistləri tərəfindən təmsil olunur.
Toplantıda müasir texnoloji yeniliklər sayəsində sürətlə dəyişən media aləmində klassik media şirkətlərinin üz tutmalı olduğu dəyişiklik prosesi və dramatik dəyişikliklərin öhdəsindən peşəkar şəkildə gəlmək yolları, klassik redaksiyaların gündəlik işinə dəstək göstərən avtomatlaşdırılmış elektron vasitələr (robot jurnalistikası), elektron və klassik media arasında rəqabət, jurnalistikada yeni meyillər, sosial şəbəkələrin media landşaftına gətirdiyi dəyişikliklər ətrafında fikir mübadiləsi aparılır.
Hər il olduğu kimi, builki toplantı da Yaponiyanın “JTI” (Japan Tobacco International) şirkətinin sponsorluğu ilə həyata keçirilir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana