DÜNYA
Worldometer: Dünyada koronavirusa yoluxma hallarının sayı 460 milyonu ötüb
Bakı, 15 mart, AZƏRTAC
Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 460 milyon nəfəri ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, martın 14-də dünyada koronavirusa 1 milyon 202 min 515 yoluxma və 4 min 52 ölüm faktı aşkarlanıb. Hazırda yoluxanların ümumi sayı 460 milyon 268 min nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 6 milyon 68 min nəfərə, sağalanların sayı 393 milyon 678 min nəfərə çatıb.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və koronavirusdan ölənlərin sayına görə dünyada liderlik edir. Ölkədə koronavirusa 81 milyon 216 mindən çox insan yoluxub, onlardan 991 min 38 nəfəri həyatını itirib.
Yoluxanların sayına görə ikinci yerdə gedən Hindistanda 42 milyon 996 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 516 min nəfər vəfat edib.
Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 29 milyon 382 min nəfər virusa yoluxub, onlardan 655 min nəfəri ölüb.
Qeyd edək ki, Azərbaycan virusa yoluxma sayına görə dünya statistikasında 68-ci yerdədir.