ELM VƏ TƏHSİL
XALQIMIZIN QÜDRƏTLİ OĞLU HEYDƏR ƏLİYEVİN VƏFATI İLƏ ƏLAQƏDAR TƏHSİL NAZİRLİYİNDƏ MATƏM MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra təhsil naziri Misir Mərdanov çıxış etmiş, xalqımızın dahi oğlunun ölümünün bütün türk dünyası üçün əvəzsiz itki olduğunu və bu itkinin milyonlarla insanı qəlbən sarsıtdığını bildirmişdir.
Nazir onun xalqın qəlbində daim yaşayacağını söyləmiş, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin daim dəstəklənəcəyini vurğulamışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov, Səbail Rayon Təhsil Şöbəsinin müdiri Sara Xanlarova və başqaları Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar xalqımızın sonsuz kədər içərisində olduğunu bildirmişlər. Natiqlər həmçinin ümummilli liderimizin Azərbaycanın çiçəklənməsi naminə həyata keçirdiyi islahatlardan, elm və təhsilimizin, mədəniyyətimizin inkişafına göstərdiyi qayğı və diqqətdən danışmış, onun ölməz irsinin nəsillərə ən layiqli töhfə olduğunu söyləmişlər.
Mərasimdə Heydər Əliyevin siyasi yolunun uğurla davam etdiriləcəyinə inam ifadə edilmişdir.