SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Yaxın vaxtlarda Azərbaycanın İordaniyada səfirliyinin açılacağını bildirən nazir E.Məmmədyarov, İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin iyunda Bakıda keçiriləcək 33-cü Konfransında İordaniya dövlətinin yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağına inamını diqqətə çatdırmışdır.
Azərbaycanın iqtisadi inkişafı, makroiqtisadi göstəriciləri barədə məlumat verən E.Məmmədyarov ölkəmizin regionda həyata keçirilən layihələrdə aparıcı rol oynadığını vurğulamışdır.
Əl-Həsən bin Talal iqtisadi sahələrin paralel inkişafının zəruriliyini vurğulamış, İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin 33-cü Konfransı barədə fikirlərini bölüşmüşdür. Qonaq müsəlman ölkələrində vətəndaş cəmiyyətinin və özəl sektorun inkişafının əhəmiyyətini qeyd etmiş, İKT-nin rolunun artırılmasının vacibliyinə toxunmuşdur.
Qonağın fikirləri ilə razılaşan E.Məmmədyarov, İKT-nin fəaliyyətinin genişləndirilməsini və müsəlman dövlətlərinin rolunun gücləndirilməsini zəruri saymışdır. Azərbaycanın müsəlman ölkəsi olmaqla yanaşı, dünyəvi dövlət kimi, respublikamızda müsəlman, xristian və yəhudi icmalarının əsrlər boyu mehriban şəraitdə yaşadığını nəzərə çarpdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.