Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“XƏZƏR NEFT, QAZ, NEFTAYIRMA VƏ NEFT KİMYASI –2003” 10-CU BEYNƏLXALQ SƏRGİ VƏ KONFRANSININ İŞTİRAKÇILARINA

Hörmətli sərgi və konfrans iştirakçıları! 

Sizi – “Xəzər neft, qaz, neftayırma və neft kimyası-2003” 10-cu beynəlxalq sərgi və konfransının iştirakçılarını Azərbaycanın paytaxtı Bakı şəhərində böyük məmnuniyyət hissi ilə salamlayıram.

Bu il bu möhtəşəm tədbirin 10 yaşı tamam olur. Gənc, müstəqil Azərbaycan dövlətində ardıcıl olaraq belə bir mühüm əhəmiyyətli tədbirin yaşaması həyata keçirdiyimiz müasir neft strategiyasının düzgün olduğunu bir daha bariz şəkildə sübut edir.

“Xəzərneftqaz” sərgisi ildən ilə genişlənir, onun beynəlxalq aləmdə nüfuzu artır. Gözəl ənənəyə çevrilmiş bu Bakı görüşlərində dünyanın neft və neft sənayesi ilə bağlı müxtəlif şirkətlərinin nümayəndələri, dövlət adamları, mütəxəssislər görüşür, yeni-yeni ideyaları müzakirə efdir, fikir mübadiləsi aparır, müqavilələr imzalayırlar. 1994-cü ildən etibarən sərgi və konfransda 55 ölkədən 3 minə yaxın yerli və xarici şirkət təmsil olunmuşdur.

Əminəm ki, bu yubiley sərgisi də Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatlarının səmərəli istifadəsi sahəsində “Əsrin müqaviləsi” ilə təməli qoyulmuş qlobal əməkdaşlığın məntiqi davamı olacaqdır.

Belə ki, hələ yaxın keçmişdə gerçəkləşməyəcək xəyal sayılan “Şərq-Qərb” enerji dəhlizi bu gün tam gücü ilə inkişaf edir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası, “Şahdəniz” layihəsi çərçivəsində Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəmərinin tikintisinə sanksiyanın verilməsi – budur ədalətli və bərabər əməkdaşlığın bəhrəsi. Biz gələcəyə ümidlə baxırıq. Güman edirəm ki, məhz belə uzunmüddətli əməkdaşlığın nəticəsində yüzlərlə yeni layihələr işıq üzü görəcək, yeni zirvələr fəth ediləcəkdir.

Hörmətli sərgi və konfrans iştirakçıları! Bir daha hamınıza bu yubiley sərgi və konfransına “Xoş gəldiniz!” deyirəm. Azərbaycan torpağında çalışan xoşməramlı insanlara səmərəli iş, əmin-amanlıq, tərəqqi və rifah arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin