ELM VƏ TƏHSİL
XI sinif şagirdləri üçün aprelin 14-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Bakı, 21 may, AZƏRTAC
XI sinif şagirdləri üçün 2019-cu il aprelin 14-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmiş şagirdlər (28634 nəfər) Mərkəzin internet saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 linkinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Qeyd edək ki, markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür. Açıq tipli tapşırıqların qiymətləndirmə qaydası DİM-in saytında verilib: http://dim.gov.az/news/3604/
Cədvəl 1
nd(açıq, yazılı)- açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi
nd(qapalı)- qapalı tipli test tapşırıqlarına verilmiş balların (düzgün cavabların) cəmi
nd(açıq, kodlaşdırılan)- kodlaşdırılan açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi
İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) mayın 30-31-də və iyunun 3-5-də saat 10:00-17:00 arasında Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək istəyənlər mayın 22-24-də, 27 və 29-də Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Dövlət İmtahan Mərkəzi bir daha xatırladır ki, abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apellyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apellyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı, onun valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apellyasiya Komissiyasının iclasında iştirak edə bilər.
Aprelin 21-də və 28-də keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq.