DÜNYA
XU SZİNTAO ÇİN KOMMUNİST PARTİYASI MK-NIN BAŞ KATİBİ SEÇİLMİŞDİR
İTAR-TASS-ın verdiyi xəbərə görə, Xu Szintao ÇKP MK-nın baş katibi seçilmişdir. On altıncı çağırış Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci plenumunda ÇKP MK Siyasi Bürosunun Daimi Komitəsinə doqquz nəfər daxil olmuşdur.
Xu Szintao “bu etimada görə” 66-milyonluq Çin Kommunist Partiyasına minnətdarlığını bildirmişdir. O demişdir ki, partiyanın əsas vəzifəsi bundan sonra da “Çinsayağı sosializm” quruculuğunu, Den Syaopinin irəli sürdüyü islahatlar xəttini davam etdirmək olacaqdır.
ÇKP MK-nın baş katibi kimi yüksək partiya vəzifəsini tərk etmiş Szyan Szemin plenumda ÇKP Hərbi Şurasının sədri seçilmişdir. Beləliklə, o, bundan sonra da dünyada ən böyük orduya -2,5 milyonluq Çin ordusuna rəhbərlik edəcəkdir. Gələn ilin martından gec olmayaraq keçiriləcək Ümumçin Xalq Nümayəndələri Məclisinin sessiyasınadək ÇXR-in sədri vəzifəsində qalacaqdır.