CƏMİYYƏT
Xaçmaz rayonunda meşə massivində narkotik tərkibli bitkilər əkən şəxslər saxlanılıblar VİDEO
Bakı, 16 iyun, AZƏRTAC
Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbəyə rayonun Xaspoladoba kəndi ərazisində meşə massivində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal xüsusi texniki vasitələrin köməyi ilə əməliyyat nəzarətinə götürülüb.
Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakinləri Cavad Mütəllimov və Zaur Mustafayev həyata keçirilən uğurlu əməliyyat nəticəsində iş başında - çətənə kollarına qulluq edən zaman saxlanılıblar. Onların çətənə kollarını əkdiyi sahəyə baxış zamanı 100-ə yaxın narkotik tərkibli çətənə bitkisi aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cavad Mütəllimov və Zaur Mustafayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Onların cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.