CƏMİYYƏT
Xaçmaz rayonunun Nabran kəndi ərazisində qarın qalınlığı 52 santimetrə çatır
Qubanın Xınalıq kəndində isə temperatur mənfi 19 dərəcəyə enmişdir VİDEO
Xaçmaz, 31 yanvar (AZƏRTAC, E.Yusifli). Azərbaycanın şimal bölgəsinə yanvar ayının 28-dən yağmağa başlayan qar yanvarın 30-dan başlayaraq daha da şiddətlənmişdir.
Quba regional hidrometreologiya idarəsindən AZƏRTAC-a bildirmişlər ki, şimal bölgəsində ən çox yağıntı Xaçmaz rayonunun Nabran kəndi ərazisinə düşmüşdür. Burda qarın qalınlığı 52 santimetrə çatmışdır. Quba və Qusar rayonlarına 18, Siyəzənə isə 24 santimetr qalınlığında qar yağmışdır. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşmiş Qubanın Xınalıq kəndində temperatur mənfi 19 dərəcəyədək enmişdir.
Quba 5 saylı yol istismar idarəsinin rəisi Aydəmir Manafov AZƏRTAC-a bildirmişdir ki, qarın intensiv yağması ilə əlaqədar idarə gücləndirilmiş iş rejimində çalışır. İdarə əməkdaşlarından ibarət xüsusi briqadalar yaradılmış, yollara daimi nəzarət təşkil edilmişdir. Operativ briqadalar Bakı-Quba-Rusiya federasiyası sərhədi avtomobil yolunda nəqliyyatın fasiləsiz hərəkətini təmin edir. Yolların eniş və yoxuş hissələrinə, eləcə də körpülərə qum-duz qarışığı səpilir.
Güclü qar dağ yollarında ağır texnikanın hərəkətini çətinləşdirmişdir ki, bu səbəbdən bəzi ucqar dağ kəndlərinə gedən yollarda müəyyən problemlər mövcuddur. Xüsusilə Quba-İspik-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşmışdır.
Qar Xaçmaz rayonunun elektrik təsərrüfatında bəzi problemlər yaratmışdır. Elektrik xətlərində yaranan nasazlıq səbəbindən rayonun bəzi kəndlərinə enerji verilişində müvəqqəti fasilələr yaranmışdı. Xüsusi briqadalar xətlərdə təmir işləri aparmış və enerjinin verilməsi bərpa olunmuşdur.